Aleks Souza və Şəhriyar Əliyevdən “Turan Tovuz”la yeni müqavilə!

2024/2025 mövsümü üçün transfer çalışmalarına başlamış “Turan Tovuz” 2 futbolçusu – Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2 mövsümdür Tovuz təmsilçisinin şərəfini qoruyan və komandanın kapitanlarından olan təcrübəli müdafiəçi Şəhriar Əliyevlə 1+1 illik yeni müqavilə bağlanıb. 2023/2024 mövsümünün qış transfer dövründə bu komandaya qoşulmuş braziliyalı futbolçu isə 2 illik müqaviləyə imza atıb. O, yeni müqaviləyə əsasən 2025/2026-cı illər mövsümünün sonunadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Şəhriyar Əliyev “Turan Tovuz”a 2022-ci ilin iyul ayında “Şamaxı”dan gəlib. 31 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində 62 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Kəpəz”, “Bakı”, “Şamaxı”, “Sumqayıt” və “Qarabağ”da da forma geyinib. U-21 yığmamızda da oynamış müdafiəçi Azərbaycanın əsas milli komandasında 2 oyun keçirib.

Aleks Souza isə “Turan Tovuz”a bu ilin yanvarında Litvanın “Hegelmann” klubundan gəlib. 23 yaşlı braziliyalı hücumçu Tovuz klubunun heyətində 18 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə Türkiyədə “Boluspor”un da formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz”da daha öncə qapıçı Tərlan Əhmədli “Araz-Naxçıvan”a, yarımmüdafiəçi Fərid Nəbiyev isə “Səbail”ə üz tutmuşdu. Əvəzində “Şamaxı”da icarədə olan Elçin Qasımov Tovuz klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: