Sloveniyadan olan futbol funksioneri Aleksandr Çeferin növbəti dəfə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti seçilib. Arena.az xəbər verir ki, o, UEFA-nın Lissabonda təşkil olunmuş 47-ci Konqresində keçirilən seçkilərdə yenidən dörd il müddətinə prezident seçilib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Çeferin son müraciət tarixindən (5 yanvar 2023-cü il) əvvəl UEFA-ya namizədliyini irəli sürən yeganə şəxs olub. Bu üzdən də seçkilər alternativsiz keçirilib.
Xatırladaq ki, UEFA prezidenti dörd illik müddətə seçilir. Bu isə o deməkdir ki, 55 yaşlı Çeferin ən azı 2027-ci ilə qədər Avropanın ən ali futbol qurumuna rəhbərlik etməyə davam edəcək.
Aleksandr Çeferin 13 oktyabr 1967-ci ildə Sloveniyanın Lyublyana şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. O, Lyublyana Universitetindən məzun olduqdan sonra ailəsinin yanına qayıdaraq atasına məxsus hüquq şirkətində çalışmağa başlayıb. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçib.
Çeferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan “Litija”da idarə heyəti üzvlüyünə gətirib. 2011-ci ildə isə o, Sloveniya Futbol Federasiyasının prezidenti seçilib. Elə həmin ildən Çeferin UEFA-nın Hüquq Komitəsində fəaliyyətə başlayıb. 2016-cı ildən etibarən o, UEFA-ya rəhbərlik etməyə başlayıb. Belə ki, həmin ilin 14 sentyabrında Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Çeferin rəqibi – Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilib.


