“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister “qırmızılar”ı Çempionlar Liqasının favoriti hesab edib-etməməsi ilə bağlı sualı cavablayıb.
Arena.az argentinalı futbolçunun bu barədə cavabını təqdim edir:
“Bilmirəm. Düşünürəm ki, beş oyundan beşində də qalib gəlməyimiz əladır, amma bu, hələ heç nə demək deyil. Çünki biz səyahətimizin başlanğıcındayıq. UEFA Çempionlar Liqasında bu qədər yaxşı oynadığımız üçün şadıq. Bu, ən vacib xüsusdur. Gəlin, eyni ruhda da davam edək”, deyə Makallister vurğulayıb.
Aleksis Makallister Argentinanın “Arxentinos Xuniors” klubunun yetirməsidir. O, 2019-cu ilin qışında “Arxentinos Xuniors”dan “Brayton”a keçib. Makallister “Liverpul”a 2023-cü ilin iyul ayında 42 milyon avro qarşılığında məhz “Brayton”dan gəlib. Onun “qırmızılar”la 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Makallister bu mövsüm İngiltərə klubunun heyətində meydana çıxdığı 19 oyunda 2 qolla yadda qalıb. O, “Liverpul”da bütövlükdə 65 oyuna çıxıb. Yarımmüdafiəçi bu oyunlarda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz yarımmüdafiəçisi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Argentina yığma komandasının heyətində 36 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ilə yadda qalıb. Aleksis milli komanda ilə 2022-ci ildə dünya çempionu olub, 2024-cü ildə isə Amerika Kubokunu qazanıb.
Makallisterin “Liverpul”la da bir titulu var. O, İngiltərə Liqa Kubokunun (2023/2024) qaliblərindən biridir.
Aleksis Makallister “Liverpul”dan öncə “Arxentinos Xuniors”, “Brayton”, “Boka Xuniors” kimi klublarda da forma geyinib.
“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunu 75 milyon avro məbləğində dəyərləndirir.