Almaniyanın U-17 millisi İndoneziyada keçirilmiş 2023-cü FIFA Dünya Kubokunda tarixində ilk dəfə bu yarışın qalibi adını qazanıb.
Arena.az məlumat verir ki, final oyununda bundestim Fransa yığması üzərində oyunsonrası penaltilər silsiləsində qələbə qazanıb.
Final oyunu Surakartadakı “Manahan” stadionunda keçirilib. Oyunu norveçli hakim Espen Eskosun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Mübarizə dramatik məcrada keçib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər silsilsində isə almanlar geri-dönüşlə 4:3 hesablı qələbə qazanıblar.
Oyun bundestimin üstünlüyü ilə başlayıb, 29-cu dəqiqədə Paris Brunner penaltini dəqiq yerinə yetirərək almanları hesabda irəli çıxarıb – 1:0. Qalan hadisələr ikinci hissədə cərəyan edib. 51-ci dəqiqədə isə Noa Darvix bundestimin üstünlüyünü artırıb – 2:0. 53-cü dəqiqədə Saymon Buabr hesab arasındakı fərqi azaldıb – 1:2. 69-cu dəqiqədə isə Vinners Osave ikinci sarı vərəqə alaraq almanları azlıqda qoyub. 85-ci dəqiqədə say üstünlüyü Fransa kollektivinin xeyrinə işləyib, Matis Amuqu hesabı bərabərləşdirib – 2:2. Alman yeniyetmələr özlərini toplayaraq ağıllı müdafiə və kəskin əks-hücum taktikası tutub oyunu penaltilər silsiləsinə daşıya biliblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən bundestim tarixində yeniyetmələrin dünya çempionatında ilk qələbəsini qazanıb.
Xatırladaq ki, 3-cü yer uğrunda oyunda dünən Mali millisi Argentina yığmasını 3:0 hesabı ilə darmadağın edərək, bürünc medallara sahib olmuşdu.
Argentina yığmasının hücumçusu Aqustin Ruberto 8 qolla turnirin ən sərrast futbolçusu olub.
U-17 FIFA Kubokunda ən titullu milli Braziliyadır. “Selesao”nun 9 mükafatı var – 4 qızıl, 2 gümüş, 2 bürünc, 1 fəxri mükafat. Nigeriya millisi ikinci ən titullu kollektiv olsa da, çempionluğu ən çox qazanmış yığmadır – 5 qızıl, 3 gümüş.


