İspaniya La Liqasının 27-ci turunda “Selta”ya qarşı Viqo səfəri autsayder “Almeriya” üçün xoşagəlməz mənada əlamətdar olub.
Arena.az məlumat verir ki, sözügedən komanda “Selta”ya 0:1 hesabı ilə məğlub olub.
Bu məğlubiyyətlə də “Almeriya” La Liqa çərçivəsində qələbəsizlik silsiləsini 30 oyuna çatdırıb. Cari mövsümün 27 oyununda qələbə üzünə həsrət komandanın “möhtəşəm” silsiləsi ötən mövsümün son 3 qələbəsiz oyunu ilə başlayıb və göründüyü kimi, hələ də davam edir.
Hazırda “Almeriya” La Liqanın yarış cədvəlinin “zirzəmi”sində sonuncu, 20-ci pillədə qərarlaşıb. Cari mövsümdə bu komanda cəmi 9 oyunda heç-heçə edib, qalan 18 oyunda daim kötəklənib. Komanda 9 xal toplayıb, rəqib qapılarına 25 qol vurub, 55 qol “yeyib”.
Beləliklə, “qırmızı-ağlar” demək olar ki, Sequndaya yuvarlanmaq üçün vəsiqəsini artıq təmin edib. Düzdür, autsayder yalnız kağız üzərində, nəzəri imkanları ilə təsəlli tapa bilər ki, bu da heç nəyi dəyişmir.
Vurğulayaq ki, cari mövsümdə “Almeriya” böyük futbol beşliyi ölkələrinin milli birinciliklərinin autsayderləri arasında qələbə üzünə həsrət yeganə klubdur.


