Bu gün “Turan Tovuz”un qonağı olacaq “Neftçi”nin zədəli futbolçuları – Andre Şinyaşiki və Emil Balayevin durumuna aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq. O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.
Baş həkimin sözlərinə görə, Balayev də fərdi hərəkətlərlə kifayətlənir. Onun dəqiq nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.
Xatırladaq ki, Andre Şinyaşiki Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyununda sıradan çıxmışdı. O, 1:1 hesablı heç-heçəylə başa çatan oyunda əzələsindən zədə almışdı.
Emil Balayev isə hələ mövsümöncəsi təlim-məşq toplanışı zamanı Rusiyada baş tutan yoxlama oyununda ağır zədə almış və əməliyyat olunmuşdu.
“Neftçi” bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində “Turan Tovuz”un qonağı olacaq. Bu oyuna saat 16:00-da start veriləcək.


