Andre Şinyaşiki rəsmən “Neftçi”də – Video

Amerika Birləşmiş Ştatlarının “Şarlott” klubunun hücumçusu Andre Şinyaşiki bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yaponiya əsilli braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində çıxış edə bilən Andre Şinyaşikinin indiyəqədərki karyerası yalnız ABŞ ilə bağlıdır. O, peşəkar karyerasına bu ölkənin “Kolorado Rapids” klubunda başlayıb. Hücumçu bir müddət “Kolorado Sprinqs”də də forma geyinib.

2022-ci ildən isə o, “Şarlott” klubunun uğurları üçün çalışırdı. Sözügedən klub onu ötən ilin mayında 364 min avroya heyətinə qatmışdı. Futbolçu bu komandada 28 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Andre bu mövsüm MLS-də 5 oyunda iştirak edib və fərqlənə bilməyib.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə də anlaşmışdı. Turan Vəlizadə də “Turan Tovuz”dan icarədən qayıdıb. İvan Brkiç və Emin Mahmudov da yeni müqaviləyə imza atıb.

Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya isə komandanı tərk edib. Xəyal Nəcəfov da yenidən “Turan Tovuz”a icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: