Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub 39 yaşlı qolkiper üçün vida matçı təşkil ediləcəyini açıqlayıb. Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda “Tottenhem”ə qarşı olacaq. Həmçinin, Pyatova “Şaxtyor”da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub. Böyük ehtimalla o, sevimli klubunda qalaraq məşqçilik karyerasına başlayacaq.
Xatırladaq ki, Andrey Pyatov peşəkar karyerasına “Vorskla”da (Poltava) başlayıb. O, bu komandada 46 oyun keçirib, 43 qol buraxıb, 18 quru matç keçirib.
Pyatov 2007-ci ildən Donetsk “Şaxtyor”unun şərəfini qoruyurdu. Təcrübəli qolkiper bu klubun heyətində 482 görüş keçirib. O, bu görüşlərdə 415 qol buraxıb, 223 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
2007-ci ildən Ukrayna yığmasına da dəvət alan Pyatov millidə 102 oyun keçirib.