“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger Berlindəki evsizlər üçün böyük ianə tədbirinin təşəbbüskarıdır.
Arena.az bu barədə “First Sportz” dərgisinin “Bild” nəşrinə istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, Rüdiger məşhur “Under Armour” brendindən köynəklər, şalvarlar, qalın qış geyimləri və idman ayaqqabısı kimi 1700-ə yaxın geyim əşyasını ianə edib.
Vurğulayaq ki, Rüdiger müsəlmandır və mütəmadi olaraq ianə tədbirləri həyata keçirir. Futbolçu özü müvafiq xeyriyyə tədbirləri haqda car çəkməsə də, bəzən bu haqda ictimaiyyətə məlumat sızır.
Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 24 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 77 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 66 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsəində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.


