Anxelinyo “Qalatasaray”ı “Roma”ya dəyişdi

Müqavilə ilə Almaniyanın “Leypsiq” klubuna məxsus olan Anxelinyo Türkiyə çempionu “Qalatasaray”dan ayrılaraq “Roma”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb.

“Qalatasaray” Anxelinyonu bu mövsümün əvvəlində 6 milyon avroluq satınalma şərti ilə 1 illik icarəyə götürmüşdü. Tərəflər arasındakı razılaşmaya əsasən, ispan futbolçu Türkiyə klubunun heyətində 20 oyuna çıxacağı halda, satınalma şərti avtomatik qüvvəyə minəcəkdi. Sol cinah müdafiəçisi mövsümün geridə qalmış hissəsində artıq 19 oyuna çıxdığı üçün, “Qalatasaray” həmin şərtin aradan qaldırılması üçün Almaniya klubu ilə danışıqlara başlamışdı. Lakin “Leypsiq” öncədən kəsilmiş şərtə əməl olunmasında israrlı olub. Belə olan halda İstanbul nəhəngi Anxelinyonun transferi üçün 6 milyon avro ödəməmək xatirinə, onu oynatmamağa qərar vermişdi.

İspaniyalı futbolçunun agenti bu vəziyyətdə ona təcili klub axtarışına çıxıb. 27 yaşlı oyunçunu İtaliyanın “Roma” klubu heyətində görmək istəyib. Bu üzdən də o, “Qalatasaray”dan ayrılaraq İtaliyaya yollanıb və “canavarlar”la yarım mövsümlük icarə müqaviləsi bağlayıb. “Roma” ilə müqavilədə də satınalma şərtinin olduğu vurğulanır.

Xatırladaq ki, Anxelinyo 2021-ci ilin əvvəlindən “Leypsiq”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 100 oyunda 12 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin “Qalatasaray” karyerası isə 19 oyun, 1 qol və 1 assistdən ibarət olub. O, PSV, “NAK Breda”, “Hoffenhaym”, “Mançester Siti”, “Nyu York Siti” kimi klubların da formasını geyinib. Müdafiəçi İspaniyanın U-17 və U-21 yığmalarında da oynayıb.

Yeri gəlmişkən, “Leypsiq” sağ cinah müdafiəçisi Huqo Novoanı da “Vilyarreal”a icarəyə verib. La Liqa təmsilçisi 21 yaşlı ispan futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. O, daha öncə “Bazel” və “Utrext”də də icarədə olub, İspaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynayıb. Novoa “Leypsiq”in əsas komandasında 23 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: