Aperribay Kubonun “Liverpul”a mümkün satışı haqda danışdı

“Real Sosyedad”ın prezidenti Xoakin Aperribay, komandasının vingeri Takefusa Kubonun “Liverpul”a mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az klub prezidentinin bu barədə cavabını təqdim edir:

“Heç bir fəsad yoxdur. Hazırda Kubo ilə bağlı heç bir klubla danışıqlar aparılmır. Hər şey ola bilər və biz, lazım gələrsə bazara girməyə hazırıq, amma Take burada çox xoşbəxtdir və qalmaq niyyətindədir. Biz onu çox qiymətləndiririk”, deyə Xoakin Aperribay vurğulayıb.

Xatırladaq ki, “Liverpul”un Kubonun keçidinə çalışdığı haqda məlumat yayılıb.

“Take” “Kavasaki Frontale” klubunun yetirməsidir. Buradan “Barselona”nın gənclər akademiyasına yol tapmış yapon vinger “Tokio”, “Yokohama”, “Real”, “Malyorka”, “Vilyarreal”, “Xetafe” klublarında çıxış edib. Takefusa “Real Sosyedad”a 2022-ci ilin iyulinda “Real”dan 6,5 milyon avro müqabilində “Real”dan keçib. Onun “Real Sosyedad”la mövcud müqaviləsi 2029-cu ilin 30 iyununa qədərdir.

2023/2024 mövsümündə “Take” “Real Sosyedad”ın heyətində 41 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. Takefusanın bask komandasının heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 85 oyun, 16 qol, 14 məhsuldar ötürmə.

Takefusa Kubonun qənimətlər muzeyində “Vilyarreal”la 2020/2021-ci illər mövsümündə qazandığı Avropa Liqası var.

Takefusa Kubo 2019-cu ilin iyununda debüt etdiyi Yaponiya yığmasının heyətində 35 oyuna 4 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yapon futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: