Azərbaycanlı yarımmüdafiəçi, 31 yaşlı futbolçu Araz Abdullayev Kosovonun “Lapi” komandasında debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Kosovo Super Liqasının 3-cü turu çərçivəsində səfərdə “Fuşe Kosova” kollektivi ilə qarşılaşıb.
Oyun futbolçumuzun komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçda hesabı 28-ci dəqiqədə meydan sahibləri açsa da, “Lapi” 49 və 76-cı dəqiqələrdə vurulan qollarla qələbə qazanıb.
Araz bu görüşün 84-cü dəqiqəsində meydana buraxılıb. Bununla da o, həm yeni komandasında, həm də Kosovo çempionatında debüt edib.
Bu qələbədən sonra “Lapi” 6 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bir neçə gün öncə 1 illik müqavilə imzalayıb. O, ötən mövsümü “Sumqayıt”da keçirib. Araz Azərbaycan millisində 44 oyun keçirib və 3 qolla yadda qalıb.


