Futbol üzrə Azərnaycan milli komandasının sabiq yarımmüdafiəçisi Araz Abdullayev Kosovonun “Lapi” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 31 yaşlı sağ cinah vingeri klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
O, 2024-cü ilin yanvar ayının 1-dən azad agent statusu daşıyır. Futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi hələlik, məlum deyil.
Xatırladaq ki, Araz “Lapi”yə bu mövsümün əvvəlində, 2023-cü ilin avqust ayında keçmiş və 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlamışdı. O, bu komandanın heyətində cəmi cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin oktyabr ayından etibarən zədə ilə üzləşən futbolçu bu komandaya kömək edə bilmirdi.
Araz Abdullayev karyerası ərzində yetirməsi olduğu “Neftçi”dən başqa, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt” klublarının da formasını geyinib. O, ölkədən kənarda İngiltərə “Everton”u, Yunanıstan “Panionios”i, Kipr “Etnikos”u və “Anortosis”i, Türkiyə “Boluspor”unda çıxış edib.
Araz Azərbaycan millisində də 44 oyun keçirib və 3 qolla yadda qalıb.