Avropa çempionatı: Daha bir boksçumuz yarımfinalda!

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin görüşləri keçirilir.

Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, 1/4 finalda Marian Çinionu (Rumıniya) məğlub edib – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 29:28).

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. O, sabah keçiriləcək 1/2 finalda Elmir Nəbiyevi (Ukrayna) sınağa çəkəcək.

Bu gün Azərbaycan yığmasının daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Hüqo Qrau (Fransa), Maqsud Xasmetov (57 kq) isə Taha Akkoyunla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı martın 23-də başa çatacaq.