İspaniyanın Santyaqo de Kompostela şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən U-20 Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulmuşdu. Bu gün onlar medal görüşlərinə çıxıblar.
Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlmişdi. Gəncə güləş məktəbinin yetirməsi bu gün finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşıb. Rəqibinə 0:2 hesabıyla uduzan Gültəkin Avropa ikincisi olub.
Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanovaya (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanmışdı. Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmamışdı – 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bu gün bürünc medal uğrunda türkiyəli Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) Nərgiz 5-ci yerlə kifayətlənib.
Fatimə İsayeva (65 kq) təsnifat mərhələsində macarıstanlı Eniko Elekeşə “tuş”la məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün İsayeva bu gün təsəlliverici görüşdə serbiyalı Maşa Peroviçlə üz-üzə gəlib. Amma güləşçimiz bu qarşılaşmada da uduzub – 10:18.
Bununla da Azərbaycanın qadın güləşçiləru bu Avropa çempionatını 3 medalla bitiriblər. Daha öncə xanım güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) və Ruzanna Məmmədova (55 kq) da bürünc medala sahib çıxmışdılar.
Sonda onu da xatırladaq ki, İspaniyadakı U-20 Avropa çempionatı iyulun 2-də başa çatacaq.


