Avropa çempionatı: İki boksçumuzdan uğurlu start

Ötən gün – noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürüb.

Arena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 2 idmançısı rinqə çıxıb.

57 kq çəkidə Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bəbirov rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.

Cəlal Qurbanov (63,5 kq) da Avropa çempionatın qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulacaq.

8 gün davam edəcək Avropa çempionatı noyabrın 19-da başa çatacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparır. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: