Monteneqronun Budva şəhərində keçirilən və 22 yaşadək boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxıb.
Lakin onlardan yalnız ikisi qələbə qazanmağı bacarıb. Digər 4 boksçumuz isə mübarizəni dayandırmalı olub.
60 kq-da Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub. O, 1/8 finalda irlandiyalı Kallum Ovensi də mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.
1/4 final mərhələsinin qarşılaşmaları noyabrın 16-da olacaq.
Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu qüvvəsini sınayacaq.
Xatırladaq ki, 8 gün davam edəcək Avropa çempionatı noyabrın 19-da başa çatacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparır. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanıb.


