Avropa çempionatı: Nicat, Ruslan və Maqsuddan uğurlu start

Monteneqronun Budva şəhərində keçirilən və 22 yaşadək boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulub.

Lakin onlardan 3-ü qələbə qazanmağı bacarıb. Digər 4 boksçumuz isə mübarizəni dayandırmalı olub.

Avropa çempionumuz Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan boksçumuz bu görüşdə inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Bu görüş noyabrın 16-da baş tutacaq.

Avropa çempionatının finalçısı Ruslan Qədirov (54 kq) da mərhələ adlayıb. O, 1/8 finalda Tommaso Skiaccanı (İtaliya) 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Ruslan Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final görüşündə türkiyəli Kaya Canla qüvvəsini sınayacaq.

60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Yarışın üçüncü günündə Azərbaycan millisinin daha 6 boksçusu rinqə çıxacaq.

Qeyd edək ki, 8 gün davam edəcək Avropa çempionatı noyabrın 19-da başa çatacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparır. Azərbaycan millisi qitə birinciliyinə 16 boksçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: