Avropa Konfrans Liqasında 1/4 finalın püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma nəticəsində yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib. Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməmişdi. Bu üzdən eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilərdilər. Lakin püşk nəticəsində belə bir hal qeydə alınmayıb. Belə ki, “Bodo Qlimt” “Roma”ya, “Feyenoord” Praqa “Slaviya”sına, Marsel “Olimpik”i PAOK-a, “Lester Siti” isə PSV-yə rəqib olub. Yeri gəlmişkən xatırladaq ki, “Roma” ilə “Bodo Qlimt” bu mövsüm Konfrans Liqasının qrup mərhələsində də bir-birinə rəqib olmuşdu. Norveç təmsilçisi iddialı rəqibini doğma meydanda 6:1 hesabıyla məğlub etmiş, səfərdə isə 2:2 hesablı heç-heçəyə nail olmuşdu.

Tədbirdə həmçinin yarımfinal mərhələsi və final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün də püşkatma keçirilib.

Avropa Konfrans Liqasında 1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal oyunları aprelin 28-də və mayın 5-də olacaq. Final qarşılaşması isə mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Avropa Konfrans Liqası
1/4 final

Bodo Qlimt (Norveç) – Roma (İtaliya)
Feyenoord (Niderland) – Slaviya (Praqa, Çexiya)
Olimpik (Marsel, Fransa) – PAOK (Yunanıstan)
Lester Siti (İngiltərə) – PSV (Niderland)

Yarımfinal

1. Lester Siti (İngiltərə)/PSV (Niderland) – Bodo Qlimt (Norveç)/Roma (İtaliya)

2. Feyenoord (Niderland)/Slaviya (Praqa, Çexiya) – Olimpik (Marsel, Fransa)/PAOK (Yunanıstan)

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: