Avropa Konfrans Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 1/4 finala vəsiqə uğrunda hansı komandaların üz-üzə gələcəyi bəlli olub.

Püşkdən öncə bu raundda iştirak edəcək komandalar 2 qrupa bölünmüşdülər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer almışdılar.

1/8 finalda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Öz qruplarını ilk sırada başa vurmuş kollektivlər cavab görüşlərini evdə keçirəcəklər.

Püşk nəticəsində Marsel “Olimpik”inin də rəqibi müəyyənləşib. “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransa klubu növbəti mərhələdə İsveçrə “Bazel”i ilə üz-üzə gələcək. Hansı ki, bu komanda da cari mövsümdə “Qarabağ”la qarşılaşmışdı.

“Roma” 1/4 finala vəsiqə uğrunda “Vitess”lə mübarizə aparacaq. “Lester Siti”nin rəqibi isə “Renn” olacaq.

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də baş tutacaq.

Avropa Konfrans Liqası
1/8 final

Olimpik (Marsel, Fransa) – Bazel (İsveçrə)
Lester Siti (İngiltərə) – Renn (Fransa)
PAOK (Yunanıstan) – Gent (Belçika)
Vitess (Niderland) – Roma (İtaliya)
PSV (Niderland) – Kopenhagen (Danimarka)
Slaviya (Praqa, Çexiya) – LASK (Avstriya)
Bodo Qlimt (Norveç) – Alkmaar (Niderland)
Partizan (Serbiya) – Feyenoord (Niderland)