Bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə növbəti raundun cütləri bəlli olub.
Bu raundda qrup qalibləri pley-off mərhələsindən üzüağ çıxan komandalarla qarşılaşacaqlar. Püşk zamanı qrup birinciləri “Səpələnmişlər”, pley-offdan 1/8 finala adlayanlar isə “Səpələnməmişlər”də yer almışdılar.
“Səpələnmişlər” səbətində yer alan komandalar bunlar idi: “Alkmaar” (Niderland), “Yurqarden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Nitsa” (Fransa), “Sivasspor” (Türkiyə), “Slovan” (Slovakiya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə).
“Səpələnməmişlər” səbətində bu kollektivlər yer almışdılar: “Anderlext” (Belçika), “Bazel” (İsveçrə), “Latsio” (İtaliya), AEK (Larnaka, Kipr), “Fiorentina” (İtaliya), “Gent” (Belçika), “Lex” (Polşa), “Şerif” (Moldova).
Püşk nəticəsində Türkiyə təmsilçilərindən “Sivasspor” İtaliyanın “Fiorentina” komandasına rəqib olub. “Başakşəhər” isə pley-offda Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i ilə düşüb. İddialılardan “Latsio”nu “Alkmaar”la, “Vest Hem”i isə AEK (Larnaka) ilə duel gözləyir. “Vilyarreal” da 1/4 finala yüksəlmək üçün “Anderlext”lə qarşılaşacaq.
Xatırladaq ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları isə ayın 16-da keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 final
AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə)
“Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə)
“Latsio” (İtaliya) – “Alkmaar” (Niderland)
“Lex” (Polşa) – “Yurqarden” (İsveç)
“Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya)
“Şerif” (Moldova) – “Nitsa” (Fransa)
“Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya)
“Gent” (Belçika) – “Başakşəhər” (Türkiyə)


