Avropa Liqasında 1/4 finala yekun vurulur

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhəsinin cavab qarşılaşmaları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda başlayacaq.

1/8 finalda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer” səfərdə İngiltərə təmsilçisi “Vest Hem”lə üz-üzə gələcək. Tərəflər arasında Leverkuzendə keçirilmiş ilk oyun bir neçə gün öncə Bundesliqada çempionluğu bayram etmiş Almaniya təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Cavab görüşündə “Bayer”ə heç-heçə də kifayət edəcək.

“Liverpul” (İngiltərə) doğma meydanda biabırçı hesabla uduzduğu “Atalanta” ilə bu dəfə İtaliyada qarşılaşacaq. “Benfika” (Portuqaliya) isə evdə məğlub etdiyi Marsel “Olimpik”i (Fransa) ilə səfər matçında üstünlüyünü qorumağa çalışacaq.

Bu mərhələ İtaliya dueli ilə əlamətdardır. Belə ki, “Milan” yarımfinala vəsiqə uğrunda “Roma” ilə qarşılaşır. Tərəflər arasındakı ilk oyunda “canavarlar” minimal hesabla qalib gəliblər.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal matçları mayın 2-də və 9-da keçiriləcək. Final görüşü isə mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
1/4 finalın cavab oyunları
18 aprel

23:00. “Roma” (İtaliya) – “Milan” (İtaliya) (ilk oyun 1:0)
23:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) (3:0)
23:00. “Olimpik” (Marsel, Fransa) – “Benfika” (Portuqaliya) (1:2)
23:00. “Vest Hem” (İngiltərə) – “Bayer” (Almaniya) (0:2)