Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Mərhələnin ilk qarşılaşması Portuqaliyanın “Sportinq” və İtaliyanın “Atalanta” komandaları arasında olub.
Portuqaliyanın paytaxtı Lissabonda, Joze Alvalade stadionundakı oyunu Daniel Zibertin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadası idarə edib. Bu qarşılaşmada qalib müəyyənləşməyib. Matçın 17-ci dəqiqəsində Paulinyo dəqiq zərbə ilə Portuqaliya təmsilçisini hesabda irəli çıxarıb. 39-cu dəqiqədə berqamolular “status-kvo”nu bərpa ediblər. Bu dəfə Canluka Skamakka fərqlənib. Oyunun sonrakı dəqiqələrində qarşılıqlı hücumlara baxmayaraq, hesab dəyişməyib.
Avropa Liqasında 1/8 final mərhələsinin qalan oyunları sabah – martın 7-də keçiriləcək.
Avropa Liqası
1/8 final
6 mart
Sportinq – Atalanta 1:1
Qollar: Paulinyo, 17 – Skamakka, 39.


