Avropa Liqasında bütün yarımfinalçılar bəlli oldu – Video

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhəsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib və eyni saatda başlayıb.

1/8 finalda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer” səfərdə İngiltərə təmsilçisi “Vest Hem”lə üz-üzə gəlib. Tərəflər arasında Leverkuzendə keçirilmiş ilk oyun bir neçə gün öncə Bundesliqada çempionluğu bayram etmiş Almaniya təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Cavab görüşündə “Bayer”ə heç-heçə də kifayət edəcəkdi. Bu görüş elə heç-heçə ilə başa çatıb.

“Liverpul” (İngiltərə) doğma meydanda biabırçı hesabla uduzduğu “Atalanta” ilə bu dəfə İtaliyada qarşılaşıb. Premyer Liqa nəhəngi səfər matçından qalib ayrılsa da, 1:0 mərhələ adlamaq üçün yetərsiz olub. Beləcə, “Atalanta” növbəti mərhələyə yüksəlib.

İtaliyanın bu turnirdəki digər təmsilçiləri – “Milan” və “Roma” yarımfinala vəsiqə uğrunda bir-biri ilə qarşılaşıb. Tərəflər arasındakı ilk oyunda “canavarlar” minimal hesabla qalib gəlmişdilər. Paytaxt təmsilçisinin meydanında baş tutan cavab görüşündə də “Roma” qalib gələn tərəf olub.

“Benfika” (Portuqaliya) isə evdə məğlub etdiyi Marsel “Olimpik”i (Fransa) ilə səfər matçında üstünlüyünü qorumağa çalışıb. Amma Fransada “Olimpik” qalib gəlib. Bu üzdən oyunda əlavə vaxta ehtiyac yaranıb. Əlavə vaxtda da hesab dəyişməz qaldığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Fransa təmsilçisi mərhələ adlayan tərəf olub.

Beləliklə, Avroliqanın yarımfinalında Marsel “Olimpik”i ilə “Atalanta” qarşılaşacaqsa, “Roma” “Bayer”lə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal matçları mayın 2-də və 9-da keçiriləcək. Final görüşü isə mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq.

Avropa Liqası
1/4 finalın cavab oyunları
18 aprel

“Roma” (İtaliya) – “Milan” (İtaliya) 2:1 (ilk oyun 1:0)
Qollar: Mançini, 12. Dibala, 22 – Qabbiya, 85.

“Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:1 (3:0)
Qol: Salah, 7-pen.

“Olimpik” (Marsel, Fransa) – “Benfika” (Portuqaliya) 1:0, penaltilər 3:2 (1:2)
Qol: Mumbaqna, 79.

“Vest Hem” (İngiltərə) – “Bayer” (Almaniya) 1:1 (0:2)
Qollar: M.Antonio, 13 – Frimponq, 89.