2026-cı ildə Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunmuş iclasında qəbul edilib. İclasda avrokubokların 2025/2026-cı və 2026/2027-ci illər mövsümlərində final oyunlarının məkanları müəyyənləşib.
UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün finalına Macarıstan ev sahibliyi edəcək. Qitənin ən mötəbər klub yarışının həlledici qarşılaşması Budapeştin “Puşkas Arena” stadionunda baş tutacaq. “Puşkaş Arena” 67889 tamaşaçı tutumuna malikdir.
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün final oyununun yeri ilə bağlı qərar isə Milanın “Cüzeppe Meatsa” stadionunun yenidən qurulması planları barədə məlumatın veriləcəyi sentyabr ayına qədər təxirə salınıb.
Bundan başqa, 2025/2026-cı və 2026/2027-ci illər mövsümlərində Avropa Liqası və Konfrans Liqasının final oyunlarının keçiriləcəyi məkanlar müəyyənləşib.
Avropa Liqası:
2025/2026 – “Beşiktaş Park”, İstanbul (Türkiyə);
2026/2027 – “Frankfurt Stadion”, Frankfurt (Almaniya).
Konfrans Liqası:
2025/2026 – “Red Bull Arena”, Leypsiq (Almaniya);
2026/2027 – “Beşiktaş Park”, İstanbul (Türkiyə).
Qadınlar arasında Çempionlar Liqası:
2025/2026 – “Ullevol Stadion”, Oslo (Norveç).


