Ayxan Abbasov: “Bunlar olmasa, qalan şeylər müvəqqətidir”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun idi. Səfərdə oynayırdıq. Rəqibin durumu bəlli idi. Baş məşqçinin gedişindən sonra futbolçular daha aqressiv olur. Bu da rəqibin oyununda görünürdü. Oyuna yaxşı başladıq, istədiyimiz qolu da vurduq. Ondan sonra da epizodlar oldu. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə mübarizə olsa da, qol epizodları az idi. İtkilərimiz var idi. Bir neçə futbolçu xəstə olduğu üçün bu gün iştirak etmirdi. Bəzilərini də xəstə ola-ola, risk edib, oynatdıq.

Sonadək mübarizə aparacağıq. Bu il klub olaraq qarşımıza başqa məqsədlər qoymuşuq. Bunun üzərində də çalışırıq. İndiki “Turan Tovuz” ilk gündəkindən fərqlidir. Gücümüz çatan qədər yuxarı pillələrdə yer almaq üçün vuruşacağıq. Bundan başqa da görüləsi işlər var. Nəticədən önəmli amillər var ki, biz bu gün klub olmaq üçün bunları yavaş-yavaş düzəldirik”.

Ayxan Abbasov yenidən aktuallaşan legioner limitindən də danışıb:

“Çox təəssüflənirəm. Bu gün futbolun inkişafından danışırıqsa, limit ən axırıncı yerdə olmalıdır. Bu gün meydançalar yoxdur. Daha çox baza yaratmaq lazımdır. 16-17 yaşlı uşaqlar menisküs əməliyyatına məruz qalırlar. Klublar deyir yerli oyunçular yoxdur. Mən heç vaxt bununla razılaşmamışam. Yerli futbolçular var, oynada bilərik. Gənclərin də yetişməsi üçün meydança lazımdır. Klublar büdcəsindən meydançalara da xərcləməlidir. Təəssüf ki, bəzi klublar bütün pulunu əsas komandaya xərcləyir. Nə isə etmək lazımdır. Biz bunu etmək istəyirik. Nəticə tələb edirlər. Amma bu gün Tovuzda bir dənə meydança var. Orada 4-5 meydança olmasını, bazanın böyüməsini istəyirik. Bunlar olmasa, qalan şeylər müvəqqətidir. Biz klub olaraq tələsməyəcəyik. Böyük transferlər etməmişik. Edə bilərdik. Amma istəməmişəm. Bir il bir milyon qənaət edib onu dediyimiz vacib məsələlərə xərcləyə bilərik. Bununla yanaşı, nəticə də istəyirik. Heç bir rəqibdən çəkinmirik, mübarizə aparırıq. Limitin 8+3 olması futbolun inkişafı deyil”.

“İki gündə nəyisə dəyişmək bir az çətin məsələdir”

“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə heç-heçəyə belə şərh verib:

“Maraqlı oyun keçdi. İlk 15-20 dəqiqədə “Turan Tovuz” çox yaxşı və aqressiv oynadı. Ondan sonra biz daha çox topa nəzarət edirdik. İkinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı. İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdir. İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. İki ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: