Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Fransa yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda Fransa yığmasının qonağı olacaq.
Ayxan Abbasov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında fransızlarla görüşdən gözləntilərini paylaşıb:
“Bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edirlər. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır.
İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik.
Heyər demək olar, hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha bir çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayırlar. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək”.


