Ayxan Abbasov: “Millinin oyununda belə atmosfer olmurdu”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Fransa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Doğma meydanda 1:3 hesablı məğlubiyyətə üzülmüş millimizin baş məşqçisi matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır millinin oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçulara dəstək oldular. Bu gün çox istəkli idik. İlk qolu da vurduq. Qoldan sonra rəqib üstümüzə gəldi. Standart vəziyyətlərdə çox təhlükəli idilər. Futbolçularımıza təşəkkür edirəm, bütün oyunlarımızda əzmkarlıq göstərdilər. Komandada taktiki baxımdan da irəliləyiş var. İtkilərimiz çox idi. Buna baxmayaraq, yeni futbolçular da qazandıq. Bu seçmə mərhələ bitdi, artıq irəli baxacağıq. Bu oyunlar bizim futbolçulara inam verir”.

Ayxan Abbasov Mustafa Əhmədzadəyə Fransa ilə görüşdə debüt imkanı yaratmasına da aydınlıq gətirib:

“Mustafanın əvəzinə təcrübəli futbolçular var idi, buraxmaq olardı. İnanın ki, İslandiya ilə matçda onu əsas heyətdə fikirləşirdik. Emin Mahmudov olmasaydı, meydana o çıxacaqdı. Gənc futbolçuları milliyə dəvət edəndə, göstəriş üçün etmirik, inanırıq. Mustafanın böyük potensialı var. Xəyal Əliyev son iki matçda start heyətində oynadı. O, bunu haqq edir. Hər iki matçda yaxşı performans göstərdi, millinin əsas üzvlərindən birinə çevrildi”.

Millinin baş məşqçisi heyətlə və əvəzetmələrlə bağlı seçimlərindən də söhbət açıb:

“Oyundan öncə bəzi fikirlərimiz var idi. Məsələn, Şahruddin Məhəmmədəliyevi dəyişmək firkimiz yox idi. Xəyal Əliyev, Qismət Alıyev, Renat Dadaşov da yorulmuşdu. Səbr edirdik. Renat oyundan çox düşmüşdü. Qismət Alıyevə kömək üçün ora Abbas Hüseynovu buraxdıq. İkinci hissənin son dəqiqələrində sağ cinahda aut qazandıq, pressinq etdik. Taktiki gediş idi. Abbasın sağ cinah yarımmüfiəçisi kimi oynamasında problem yox idi. Oyunun axarı onu istədi. Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismət Alıyevdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər”.

Ayxan Abbasov seçmə mərhələni dəyərləndi

Ayxan Abbasov artıq millimiz üçün başa çatmış DÇ-2026-nın seçmə mərhələsini belə dəyərləndirib:

“Bilirdik ki, çətin qrupdayıq. Püşkatmadan sonra Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. Faciəni tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Amma bu oyunlar gələcək üçün inam verdi. Hər bir rəqibə qarşı mübarizə aparmaq olar. Futbolda çox sürətlə inkişaf edir. İstəkli olmasan, taktiki cəhətdən düzgün oynamasan, nəticəyə təsir edir. Son 4 oyunda taktiki baxımdan oyunçularımızda irəliləyiş var. Onlara inam da gəldi.

Biz millini qəbul edəndə ağır durumdaydıq. Ukrayna oyunu öncəsi bir gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Problemlər çoxdur. Biz istəyirik ki, futbolçular tam formada olsunlar. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Futbolun inkişafından danışırıqsa, klubların da üzərinə iş düşür. Əl-ələ verməliyik. Çünki gənclər klubda yetişirlər. Futbolun inkişafı tək AFFA-dan asılı deyil. Təəssüf ki, addımı yavaş atırıq. Uzun söhbətdir.

Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Millinin futbolçuları ideal formada olsalar, zədəli olmasalar, potensial yüksəkdir”.

Ayxan Abbasov UEFA Millətlər Liqasında da D Liqasına yuvarlanmış millimizin qarşıdakı planları barədə suala isə belə cavab verib:

“Öncə D Liqasından C Liqasına qalxmalıyıq. Oradakı rəqiblər imkan verir ki, başabaş mübarizə aparaq. Həmin oyunlarda hücum və ya müdafiə futbolu sərgiləyəcəyimizə dair suallara gəlincə, mən də mətbuatı oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm futbollara diqqətlə baxın. Hətta Çempionlar Liqasında da güclü komandalar lazım gəldikcə, həm müddafiə olunurlar, həm də hücum edirlər. Aydın məsələdir ki, qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: