Ayxan Abbasov yerli futbolçu, Rəşad Sadıqov hücumçu istəyir

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, doğma meydanda 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm.

Çempionatımız ən yaxşı komandalarından birinə qarşı oynadıq. “Zirə” ən az qol buraxan komandadır. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Rəqibdən qorxmadıq. “Zirə” ilə kubokda da oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram.

Ötən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki, hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yarartdı. Mərkəz müdafiəçilərimiz tez-tez zədələnirlər, birgə oynada bilmirik. Onların hərəsi ən azı 3-4 turu buraxıb. Bir müddət dördlü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq”.

Ayxan Abbasov qış transfer pəncərəsi ilə bağlı planlarından da söz açıb:

“Öncə yerli futbolçu alınmasını istəyirəm. Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son iki mayçdan sonra ümumi təhlil edib, qərar verəcəyik. Legionerlərdən ümumiyyətlə imtina etmək də olmur. Ötən mövsümün “Şamaxı” nümunəsi var. Çempionatda qalmaq üçün komandaya legioner lazımdır. Mən öz büdcəmə uyğun legioner gətirirəm. “Sabah”ın, “Neftçi”nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paçunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsınız. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. “Sabah”a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma Premyer Liqada qalmaq üçün legionerlər vacibdir”.

“Mən müdafiə futbolu oynasaydım…” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlub olduğu matçı belə şərh edib:

“Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq.

Qarşıda “Turan Tovuz”la kubok matçı da var. Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komandaya xoş deyil. Kubokda ən çətin rəqib bizə və “Kəpəz”ə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. “Turan Tovuz” səfərdə daha yaxşı oynayır. Bizim hansısa üstünlüyümüz olmayacaq”.

Rəşad Sadıqov da qış transfer pəncərəsi ilə bağlı istəklərini açıqlayıb: “Hücum xəttinə mütləq şəkildə transfer etməliyik. Başqa mövqeləri də gücləndirə bilərik. Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, “Sabah” və ya “Qarabağ”a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhlil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. “Qarabağ”la, “Sabah”la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım, indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: