Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib. Arena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Ufa” klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.
Azər Əliyev daha əvvəl – 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər “Ufa”da çıxış edib. O, həmin müddət ərzində 51 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı. Azər bu komandada 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.


