Azər Bağırov “Araz-Naxçıvan”dan getdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov postundan istefa verib.

Arena.az xəbər verir ki, bu barədə məşçinin özü məlumat verib.

40 yaşlı mütəxəssis öz istəyi ilə postundan gedib. Klub rəhbərliyi artıq onun istefasını qəbul edib. Naxçıvan təmsilçisinin tezliklə bu qərarı rəsmən açıqlaması gözlənilir.

Xatırladaq ki, Azər Bağırov Naxçıvan təmsilçisinə Birinci Divizionda oynadığı zamandan rəhbərlik edirdi. “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında Birinci Divizionun çempionu olmuş və Premyer Liqaya vəsiqə qazanmışdı. Komanda bu mövsüm 29 turdan sonra 32 xalla Premyer Liqanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi 29 oyunda 8 qələbə qazanıb, 8 heç-heçə edib, qalan 13 oyunda isə məğlubiyyətlə üzləşib.

Komanda Premyer Liqaya vəsiqə qazandıqdan sonra ilk vaxtlar uğurlu çıxış edən muxtar respublika təmsilçisi 2024-cü ildən zəif təsir bağışlayır. Xüsusilə son 7 matçda qələbəyə həsrət olan “Araz-Naxçıvan” ötən gün ev oyununda özündən geridə qərarlaşmış “Kəpəz”ə 1:2 hesabıyla uduzub. Son 7 görüşdə 2 heç-heçə edən naxçıvanlılar 5 oyunda da xalsız qalıblar.

Qeyd edək ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümü ərzində 5-ci baş məşqçi istefasıdır. Daha öncə “Neftçi”də Adrian Mutunu Miodraq Bojoviç, “Sabah”da Murad Musayevi Krunoslav Renduliç, “Kəpəz”də Azər Məmmədovu Adil Şükürov, “Qəbələ”də Elmar Baxşıyevi Kaxaber Sxadadze əvəz edib. Bağırovun xələfinin kim olacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: