“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 13-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Vacib qələbə qazandılar. “Qarabağ”la matçdan sonra hələ ki, oyunumuzu tapa bilmirik. Ola bilsin, hansısa epizodları düzgün edirik, amma istədiyim “Araz-Naxçıvan” bu deyil. Oyunu analiz edən zaman futbolçulara bildirdik ki, rəqib kəsərli hücumlar qurur, bundan sığortalanmağın yollarını da demişdik. Səhvimiz hücum fazasına keçidlə bağlıdır. Biz elə komandayıq ki, yaratdığımız epizodları qola çevirməyəndə sonra daha çətin olur”.
Azər Bağırov aparıcı oyunçularının çıxışına da qiymət verib: “Bəzi futbolçularımızın oyununda eniş var. Miço Kuzmanoviç əvvəlki turlarda göstərdiyi performansdan uzaqdır. Əvəzində Nuno Rodriqes daha yaxşı çıxış edir”.
“Kəpəz”in müvəqqəti baş məşqçisi Etibar İbrahimov isə qələbə qazandıqları oyundan sonra bunları dilə gətirib:
“Öncə xalqımızı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində işimizin başındayıq. Oyuna gəlincə, təzyiqin olmaması sevindirici məqam idi. Bir oyunluq komandanı məşqçilər olaraq meydana çıxartmışdıq. Ona görə yəqin ki, kimsə istefa qışqırmayacaqdı. Azər Məmmədovu əvəz etdim. Uşaqlar qələbəni Azər müəllimə görə qazandılar. Sabiq baş məşqçimiz kollektiv üçün gözəl işlər görüb. Komandanın özünə gəlməsi üçün zaman lazım idi. Fikrimcə, futbolçular sübut etdilər ki, gələcəkdə daha da yaxşı olacaqlar. Azər Məmmədov iradəli, istəkli komanda formalaşdırıb. Sadəcə, müəyyən zədələr, səhvlər acı məğlubiyyətlərə gətirib çıxartdı. Komandamız bu gün əlindən gələni etdi ki, azarkeşləri sevindirsin. Fanatlarımıza minnətdarıq. Sona qədər bizi dəstəklədilər. Komandamıza uğurlar arzu edirəm. İnşallah, “Kəpəz” layiq olduğu yerə gəlib çatar. Yeni gələn baş məşqçiyə uğurlar arzulayıram”.


