“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. “Zirə” əbəs yerə bu Premyer Liqada lider deyil. Məğlub da ola bilərdik. Sona qədər mübarizə apardıq, səbrlə müdafiə olunduq və lazım olan qolu vurduq.
Futbolçularla həm fərdi, həm də kollektiv şəkildə mütəmadi söhbətlər edirik. Eyforiyaya qapılmaqdan söhbət gedə bilməz. Arxada qalan 8 oyun ərzində yalnız “Sumqayıt”la qarşılaşmanın ilk hissəsində rəqibə uduzduq. Qalan matçlarda uşaqlar yaxşı çıxış ediblər, mübarizə aparıblar. “Qarabağ”a qarşı da çox yaxşı oynadıq, “Neftçi” ilə matçda qalib gəldik. Şükürlər olsun ki, futbolçularımız eyforiyaya qapılmayıb”.
Azər Bağırov yayda digər klublardan fərqli ölkə xaricində təlim-məşq toplanışı keçə bilməmələrini də xatırlayıb:
“Hamı toplanışda olanda, biz hələ 12 nəfərlə Bakıda məşq edirdik. Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır. Günlərimiz olub ki, 2-3 saat yatmışıq. Yəni, əvvəl itirdiyimiz vaxtı kompensasiya etmişik. Bu gün qalib gəlsək də, yenə görüləsi işimiz çoxdur”.
Rəşad Sadıqov: “Rəqib layiqli qələbə qazandı”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm. İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Daha dəqiq və daha etibarlı oynamalıyıq.
Son oyunda bir xal qazanmışdıq. Yaxşı formada olan “Neftçi”yə qarşı qalib gəlmək həmişə çətindir. “Araz-Naxçıvan”la matçda qalib gəlmək istəyirdik. Ancaq rəqibimiz də evdə “Qəbələ” və “Neftçi”ni məğlub etmişdi. Çox uğurlu nəticələr əldə edirlər. “Səbail”ə uduzsalar da, qələbəyə daha yaxın idilər. Bilirdik ki, bu gün bizə qarşı yüksək motivasiya ilə oynayacaqlar. Oyun planı cızdıq, istəyirdik ki, uğurlu nəticə əldə edək. Amma rəqib daha uğurlu oldu və layiqli qələbə qazandı”.
Sadıqov komandasının hücum xəttindəki “dişsizlik”dən də şikayətlənib:
“Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan bu problem açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Hansısa futbolçunun oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur ərzində bir çox futbolçumuz nə qol vurub, nə məhsuldar ötürmə edib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda, istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Çoxsaylı yersiz top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi”.


