“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı görüş izlədik. Sevindirici haldır ki, bəzi futbolçularımız xəstə olmalarına baxmayaraq, meydanda mübarizə apardılar. Yeni qurulmuş komandayıq. Səhvlərimiz ola bilər. Hələ hər şey qabaqdadır. Bu gün 27 xal toplamışıqsa, meydanda futbol görürüksə, bu, sevindirici haldır.
İlk yarıda da rəqibdən üstün idik. Standart vəziyyətdən qapımızda qol olmasaydı… Hücumlarımız kəsərli idi. Rəqib qapıda daha çox biz idik. Ola bilər ki, külək amili var idi. “Sumqayıt” küləyə qarşı oynayırdı. Xırda bir məsələ var ki, onu birinci hissədə az edirdik. Uşaqlar ikinci hissədə mənim istədiyim futbolun 80 faizini oynadılar”.
Azər Bağırov ən böyük problemlərinin qol epizodlarını dəyərləndirməklə bağlı olduğunu dilə gətirib: “Bəli, qol epizodlarını yaxşı dəyərləndirə bilmirik. Problemlərimiz bununla bağlıdır. Çalışacağıq ki, bunları aradan qaldıraq. Hər oyunda çoxlu qol epizodları yaradırıq. Bizim qapıda isə iki epizoddan biri qola çevrilir. Komanda meydanda mənim istədiyim futbolu göstərir”.
“Transferdən danışmaq istəmirəm” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə heç-heçəni belə şərh edib:
“Futbolçularıma təşəkkür edirəm. Hücum xətti olmadan bir xal qazanmaq heç də pis deyil. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bu gün itkiləri saymaq istəmirəm. Avrokuboklar zonasında qalmaq bizim üçün həddindən artıq çətin olacaq. Özünüz görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Realist olmağa çalışacağıq. Bundan sonra da xallar itiriləcək. “Panika”ya düşməmək lazımdır. Bu gün olduğumuz yer bizi təzyiq altına salmalı deyil. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq deyil. Əsas məqsəd komanda qurmaqdır. Boşluqlarımız çoxdur. Oyunumuz əvvəldən axıra kimi eyni tempdə getmir. Bu gün hücum xəttimiz demək olar ki, yox idi. Olduğumuz yerdə qala bilsək, yaxşı olar.
Kubok və ya çempionat oyunlarını bölə bilmərik. Amma bölməliyik. Düşünürəm ki, kuboku qurban verməliyik. 13-14 nəfərlə iki cəbhədə oynamaq çətindir. Getdikcə güc balansı yüz faiz üzə çıxacaq. 17 gün ərzində eyni oyunçularla 5 oyun oynamaq… Bizim üçün yazılan qanundur. Realist olaq, iki cəbhədə oynamaq çox pis nəticələnə bilər. Ümumiyyətlə, transferdən danışmaq istəmirəm. Olacaqsa, gəlib oynayacaqlar. Dəfələrlə demişəm ki, transfer lazımdır”.


