Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 10 medal qazanıblar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Oktyabrın 30-da start götürmüş və beş gün davam edən yarışa noyabrın 3-də yekun vurulub.
Azərbaycan boksçuları 7 ölkədən 142 idmançının mübarizə apardığı yarışı 10 medalla başa vurublar. Komandamızın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) 3-cü yeri tutublar.
Xatırladaq ki, Azərbaycan millisi Minskə 14 boksçu ilə yollanmışdı.


