Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün final görüşünün məkanı müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
“Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.
Mayın 27-də keçiriləcək qarşılaşmaya saat 19:00 start veriləcək.
Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək. Bu tədbir isə mayın 5-də keçiriləcək və saat 12:00-da başlayacaq.
Xatırladaq ki, ötən mövsüm “Keşlə” (indiki “Şamaxı”) ilə “Sumqayıt” arasında baş tutan final matçı Masazırda, “Bank Respublika Arena”da keçirilmişdi. Həmin matçda “Keşlə” 2:1 hesabıyla qalib gəlmişdi.


