Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunların yekun təqvimi müəyyənləşib. Arena.az xəbər verir ki, C liqasının 3-cü qrupunda mübarizə aparacaq yığmamızın iyunun 3-də və sentyabrın 25-də baş tutacaq oyunlardakı rəqibi artıq məlumdur.
Komandamız qrupdakı ilk və son qarşılaşmalarını Qazaxıstan yığmasına qarşı keçirəcək. Bu, C liqasında qalmaq uğrunda pley-off oyunlarından sonra müəyyənləşib. Səfərdə Moldovaya 2:1 hesabıyla qalib gələn qazaxlar cavab görüşünün əsas vaxtını 0:1 hesablı məğlubiyyətlə başa vurublar. Qalib isə penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən Qazaxıstan yığması millimizin qrupunda oynamaq hüququ əldə edib. Beləliklə, qazaxlar yayda millimizi qəbul edəcək, payızda isə Bakıya səfər edəcəklər.
Canni De Byazinin çalışdırdığı komandamızın bu qrupdakı digər rəqibləri isə Slovakiya və Belarus yığmalarıdır. Komandamız bu rəqibləri “Dalğa Arena”da qəbul edəcək. Böyük ehtimalla, Qazaxıstanla qarşılaşma da eyni arenada təşkil olunacaq. Lakin hələ bu barədə rəsmi açıqlama verilməyib. Sözügedən rəqiblərlə oyunlar müvafiq olaraq, iyunun 10-da və 13-də baş tutacaq.
Xatırladaq ki, 3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Millimiz gücünə görə 3-cü olan C liqasında çıxış edəcək. Azərbaycan yığması C liqasının 3-cü qrupunda yer alıb.
Sonda Azərbaycan millisinin növbəti UEFA Millətlər Liqasındakı oyunlarının yekun təqvimini diqqətinizə çatdırırıq:
UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup
3 iyun
Qazaxıstan – Azərbaycan
6 iyun
Belarus – Azərbaycan
10 iyun
Azərbaycan – Slovakiya
13 iyun
Azərbaycan – Belarus
22 sentyabr
Slovakiya – Azərbaycan
25 sentyabr
Azərbaycan – Qazaxıstan


