İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Xetafe”yə qarşı ev oyunu (1:0) “Barselona” üçün tarixi nailiyyətlə əlamətdar olub.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Bu oyunda “blauqrana” İspaniya çempionatları tarixində 6500-cü qolunu vurub. Tarixi qolun müəllifi isə polyak mərkəz hücumçusu Robert Levandovski olub.
“Barsa” 3035 çempionat oyununda 6500 qol vurub ki, bu da hər oyuna orta hesabla 2,14 qol deməkdir. Bu müddət ərzində komanda 3362 qol buraxıb. Bununla da “Barselona” 6500 qol vurmuş ilk klub olub. “Blauqrana”nın əzəli rəqibi “Real”ın hesabında isə 6499 qol var.
Vurğulayaq ki, “Barsa”nın təqdim etdiyi hesabat statistika toplayan digər mənbələrin hesabatından fərqlənir.
7 oyunda 21 xal toplamış Kataloniya klubu La Liqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Real” 17 xalla 2-ci pillədədir. 19-cu pillədə qərarlaşmış “Xetafe”nin isə 4 xalı var.


