Artıq məlum olduğu kimi, Kataloniya nəhəngi “Barselona”nın klub rəhbərliyi klubun cari texniki sponsorunu dəyişmək niyyətindədir.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, “blauqrana” “Nike” ilə əməkdaşlığına xitam vermək və “Puma” ilə müqavilə imzalamaq fikrindədir.
Alman şirkəti ilə müqavilə 2025/2026 mövsümündə qüvvəyə minəcək. “Puma” “Barsa”ya kataloniyalıların ildə 200 milyon avro məbləğə qədər qazanc əldə edəcəyi müqavilə təklif edir. 115 milyon avro məbləğ sabit ödəniş, 85 milyon avro məbləğ isə üstəlik kimi qeyd ediləcək.
Xatırladaq ki, 2019-cu ildə “Puma” İngiltərənin “Mançester Siti” klubu ilə 10 illik müddətə illik 70 milyon avro dəyərində sponsorluq müqaviləsi imzalayıb. Üstəlik, müəyyən ssenarilərdə bu məbləğ ildə 167 milyon avro məbləğə qədər artır.
Hazırda “Barselona” La Liqanın 28 turundan sonra 61 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 turdan 59 xalla “Jirona” 3-cü pillədə, “Real” isə 66 xalla yarış cədvəlinin zirvəsindədir.


