Almaniya çempionu “Bayern” 2 futbolçusu ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Söhbət qapıçı Sven Ulrayx və müdafiəçi Yosip Stanişiçdən gedir.
Sven Ulrayxın yeni müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub. 34 yaşlı qolkiperlə əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayına qədər idi.
Sven Ulrayx 2021-ci ilin iyun ayından bu klubun uğurları üçün çalışır. O, 2015-2020-ci illər aralığında da Münhen təmsilçisində forma geyinib. “Ştutqart”ın yetirməsi olan, “Bayern”ə qədər məhz bu klubun uğurları üçün çalışmış qolkiper, 2020/21 mövsümünü də “Hamburq”da keçirib. O, bu mövsüm 8 matça çıxıb və bu oyunlardan 5-də qol buraxmayıb. Təcrübəli qapıçı qapısından cəmi 6 qol buraxıb. Almaniyalı futbolçu Münhen təmsilçisində bütövlükdə 86 matça çıxıb, 95 qol buraxıb, 29 matçda “çərçivə”ni toxunulmaz saxlayıb. Ulrayx Almaniya yığmasında da 3 matç keçirib.
Yosip Stanişiçin yeni müqaviləsinin isə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi. 22 yaşlı müdafiəçi bu mövsüm həm Bundesliqada, həm də UEFA Çempionlar Liqasında 5 matça çıxıb. Xorvatiyalı futbolçu peşəkar karyerasına məhz “Bayern”də başlayıb. O, bu komandanın heyətində bütövlükdə 42 matça çıxıb və 2 qola imza atıb. Gənc müdafiəçi Xorvatiya yığmasında da 6 oyun keçirib.


