Avropa Konfrans Liqasının “Beşiktaş” – “Neftçi” oyunundan öncə baş məşqçilərin mətbuat konfransı və komandaların açıq məşqləri baş tutacaq.
Arena.az xəbər verir ki, artıq bu tədbirlərin başlama saatları və məkanları müəyyənləşib.
Bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Yuri Matiasın iştirakı ilə keçiriləcək mətbuat konfransı bu gün təşkil olunacaq. “Beşiktaş” stadionunun mətbuat zalında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Konfransdan sonra – saat 20:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Bu gün Bakı vaxtı ilə saat 19:00-da “Beşiktaş”ın təlim-məşq bazasında İstanbul təmsilçisinin də mətbuat konfransı və açıq məşqi olacaq.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Cavab görüşü isə ayın 17-də səfərdə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Beşiktaş” – “Neftçi” cütünün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


