Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Zaqatala” oyununda “Zaqatala”nın protokolunun gecikməsi səbəbi ilə sözügedən klub 80 manat cərimə olunub. Meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubunun əməli ilk dəfə törətdiyi nəzərə alınaraq, kluba xəbərdarlıq edilib.
“Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Şamaxı”nın futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Onun klubu da buna görə 20 manat cərimə olunub.
“Turan Tovuz-2” – MOİK oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK-in futbolçusu Elşən Veysov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 160 manat cərimə olunub.
“Qəbələ-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün Naxçıvan klubu 80 manat cərimə olunub.
“Zirə-2” – “Mingəçevir” oyununda meydan sahibləri əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub buna görə 400 manat cərimə də olunub. Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə” 80 manat cərimə olunub. Oyunöncəsi iclasda nəzarət buraxılış xidməti nümayəndəsi iclasa gecikdiyi üçün “Zirə” daha 40 manat cərimə olunub.


