Boks üzrə Azərbaycan birinciliyi keçirilir

Yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyinə start verilib. Arena.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Boks Mərkəzində təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Döyüşlər hər gün saat 13:00-da başlanır. Qaliblərin adına isə martın 14-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyevdir.

Yarışın ilk günündə – martın 8-də 60 döyüş baş tutub. 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq və 80 kq çəki dərəcəsində mübarizə aparan boksçular ilk görüşlərini keçiriblər.

Yarışın ikinci günündə isə 56 görüş keçirilib. 46 kq, 50 kq, 57 kq, 63 kq, 66 kq, 70 kq və +80 kq çəki dərəcələrində qüvvəsini sınayan boksçular rinqə çıxıblar. Qələbə qazanan idmançılar mərhələ adlayıblar.

Birinciliyin üçüncü günündə 7 çəki dərəcəsində 51 döyüş olacaq. Görüşlərə saat 13:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: