Böyük Britaniya hökuməti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyində “Mançester Siti”yə qarşı ittihamları müzakirə edib.
Arena.az “The Athletic” internet-nəşrinə istinadən məlumat verir ki, söhbət “şəhərlilər”ə qarşı 115 maliyyə davamlılığı və inkişaf qaydalarının pozulması ilə bağlı ittihamlarından gedir.
Mənbənin məlumatına görə, Böyük Britaniya hökuməti təfərrüatı açıqlamır. Çünki bu, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə mənfi təsir göstərə bilər.
Xatırladaq ki, İngiltərə Premyer Liqası 2023-cü ilin fevralında “Mançester Siti”ni 2009/2010-cu illər mövsümündən 2017/2018-ci illər mövsümünə qədər müddətdə 115 müxtəlif maliyyə qaydasını pozmaqda ittiham etmişdi. “Şəhərlilər”ə qarşı işə baxılmasına 2024-cü ilin payızında başlanması planlaşdırılır.
Bu işdən “çirkab iyi” gəldiyi vurğulanır. Bir ara, “Mançester Siti”nin qanunsuzluqları sübuta yetiriləcəyi halda, bütün qənimətlərindən məhrum edilərək, aşağı liqaya atılacağı haqda xəbərlər dolaşırdı.
Xatırladaq ki, “Mançester Siti” 2023/2024-cü illər mövsümünü İngiltərə çempionu kimi başa vurub. “Şəhərlilər” ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olublar. Bu isə mütləq rekorddur.


