“Turan Tovuz”un hücumameyilli yarımmüdafiəçisi Budaq Nəsirov Premyer Liqa təmsilçisindən ayrılıb və yenidən azad agentə çevrilib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Turan Tovuz”la Nəsirov arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, son olaraq Lissabon “Sportinq”inin B komandasında oynamış Budaq 2 illik fasilədən sonra karyerasını bərpa etdiyi “Turan Tovuz”la 2023-cü ilin yayında 3 illik müqavilə bağlamışdı. O, cari mövsümdə Tovuz klubunun əsas komandasında cəmi 2 matçda meydana buraxılıb. Həmin oyunlarda da son dəqiqələrdə şans qazanmış futbolçu daha çox əvəzedici komandada forma geyinirdi.
Nəsirovun “Turan Tovuz”dan qovulmasına da elə əvəzedici komandanın heyətindəki davranışı səbəb olub. Belə ki, Əvəzedicilər Liqasının 20-ci turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda Budaq öz komanda yoldaşını vurub. O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən də 4 oyun cəzalanmışdı. Lakin Tovuz klubunun futbolçuya verdiyi cəza daha ağır olub – o, komandadan qovulub.
Artıq Nəsirovun karyerasını harada davam etdirəcəyi də məlumdur. Belə ki, 27 yaşlı yarımmüdafiəçi Birinci Liqa təmsilçisi “Karvan”la anlaşıb.
Tovuz futbolunun yetirməsi olan Budaq Nəsirov “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz” və “Zirə”də də çıxış edib. 2016-cı ilin iyul ayında Budaq Portuqaliyanın “Sportinq” klubuna transfer olunsa da, o, bu klubun əsas komandasına düşə bilməyib və əvəzedici heyətdə meydana çıxdığı 30 oyunla kifayətlənib. O, həmin oyunlarda 1 qol da vurub.
Nəsirov Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında, həmçinin əsas yığmamızda da forma geyinib. O, əsas millimizdə 1 oyun keçirib.


