Çempionlar Liqasında 2024/2025 mövsümünün ilk püşkü atıldı

Bu gün – iyunun 18-də futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, 2024/25 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

UEFA-nın İsveçrədəki Futbol Evində təşkil olunmuş mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya” komandasının da rəqibi bilinib. Sözügedən komanda ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri isə ayın 16-17-də baş tutacaq.

Qeyd edək ki, avrokubokların 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasında, “Sabah”la “Sumqayıt”ın isə Konfrans Liqasındakı ilk rəqibləri bəlli olacaq.

Bu gün Avropa Liqasında da 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanı bu turnirdə təmsil edəcək “Zirə” Moldovanın “Şerif” komandasına rəqib olub. Sabah “Zirə”nin növbəti raundda qarşılaşa biləcəyi komanda da müəyyənləşəcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
9-10 iyul/16-17 iyul

“Slovan” (Slovakiya) – “Struqa” (Şimali Makedoniya)
TNS (Uels) – “Deçiç” (Monteneqro)
“Borats” (Bosniya və Herseqovina) – “Eqnatiya” (Albaniya)
“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq)
“Balkani” (Kosovo) – “Santa Koloma” (Andorra)
“Flora” (Estoniya) – “Çelye” (Sloveniya)
“Klaksvik” (Farer adaları) – “Differdanj” (Lüksemburq)
“Panevejis” (Litva) – HJK (Finlandiya)
RFS (Latviya) – “Larne” (Şimali İrlandiya)
“Vikinqur” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)
“Virtus” (San Marino) – “Styaua” (Rumıniya)
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Batumi, Gürcüstan)
“Ordabası” (Qazaxıstan) – “Petrokub” (Moldova)
“Dinamo” (Minsk, Belarus) – “Pünik” (Ermənistan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: