Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ikinci oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu Danimarka təmsilçisi “Kopenhagen”lə üz-üzə gələcək.
Sözügedən komandalar arasındakı oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya saat 20:45ə-da start veriləcək.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start verib. Ağdam klubu səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. “Kopenhagen” isə startda Almaniya təmsilçisi “Bayer”lə sülh bağlayıb – 2:2.
Qeyd edək ki, “Qarabağ” ÇL-in Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 22-də səfərdə İspaniyanın “Atletik” (Bilbao) komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr
20:45. “Qarabağ” – “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan.
VAR: Rob Dieperink.
AVAR: Jeroen Manşot (Hamısı Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


