ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı (DÇ-2026) tarixə avtoqolların sayına görə yeni rekordla düşüb.
Arena.az xəbər verir ki, 1/16 final mərhələsində Avstraliya ilə Misir arasında keçirilmiş qarşılaşmada Misir millisinin müdafiəçisi Məhəmməd Hani topu öz qapısından keçirərək turnirdə qeydə alınmış avtoqolların sayını 13-ə çatdırıb.
Bununla da DÇ-2026 dünya çempionatlarının final mərhələləri tarixində ən çox avtoqol vurulmuş mundial olub. Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatına məxsus idi. Həmin turnirdə futbolçular ümumilikdə 12 dəfə öz qapılarına qol vurmuşdular.
Maraqlıdır ki, Hani bu mundialda iki dəfə avtoqol müəllifi olub. O, daha əvvəl qrup mərhələsində Belçika ilə 1:1 hesabı ilə başa çatmış oyunda da topu öz qapısından keçirmişdi. Bununla 30 yaşlı müdafiəçi dünya çempionatlarının final mərhələləri tarixində karyerası ərzində iki avtoqol vuran ilk futbolçu kimi də antirekorda imza atıb.
Hazırda davam edən bu mundial həm də format baxımından tarixidir. İlk dəfə 48 komandanın iştirak etdiyi mundial ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.


