Amerika Birləşim Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə dünya çempionatı (DÇ-2026) tarixə düşəcək daha iki rekordla yadda qalıb.
Arena.az xəbər verir ki, bu mundialda vurulan qolların sayı üzrə yeni rekord qeydə alınıb.
Hazırkı mundialda indiyədək 177 qol vurulub ki, bu da dünya çempionatları tarixində ən yüksək göstəricidir.
Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında müəyyənləşmişdi. Həmin turnirdə ümumilikdə 172 qol qeydə alınmışdı.
Bununla yanaşı, DÇ-2026 azarkeş sayına görə də bütün əvvəlki mundialları geridə qoyub. Almaniya ilə Ekvador arasında keçirilmiş qrup mərhələsi oyunundan sonra turnir matçlarını stadionlardan izləyən tamaşaçıların sayı 3 milyon 605 min 357 nəfərə çatıb.
Bununla da 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına məxsus rekord yenilənib. Həmin mundialın oyunlarını ümumilikdə 3 milyon 587 min 538 azarkeş izləmişdi.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin hazırkı çempionu Argentina millisidir.


