DÇ-2026: Millimiz Fransanı qəbul edir

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxacaq.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 6-cı tur çərçivəsində Fransa yığması ilə üz-üzə gələcək.

Tərəflər Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaqlar. Görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Andris Treymanis olacaq.

Fransa yığması Azərbaycan millisi üçün tanış rəqibdir. Sözügedən komanda ilə indiyə qədər 3 oyun keçirmişik. Bunların hamısı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində olub. 2004-cü ilin dekabr ayında Bakıda keçirilmiş ilk görüşdə fransızlar 2:0 hesabıyla qalib gəliblər. 1995-ci ilin sentyabr ayına təsadüf etmiş digər görüş isə Azərbaycan futbolunun tarixinə qara hərflərlə düşüb. Belə ki, millimiz Oserdə keçirilmiş həmin oyunda 0:10 hesabıyla uduzub. Sonuncu dəfə isə fransızlarla bu il Parisdə qarşılaşmışıq və həmin oyunda da darmadağına üzülmüşük – 0:3.

Fransızlar bu seçmə mərhələdə uğurlu çıxış edərək artıq DÇ-2026-ya vəsiqəni təmin ediblər. Keçirdiyi 5 oyundan 4-də qələbə qazanıb, cəmi 1 heç-heçə etmiş “xoruzlar” 13 xalla vahid liderdirlər. Sözügedən komanda Bakıda hətta uduzsa belə, seçmə mərhələni ilk pillədə başa vuracaq. Çünki İslandiya və Ukrayna yığmalarının hesabında 7 xal olduğu üçün bu komandalardan birinin qalib gəlməsi də heç nəyi dəyişməyəcək. Cəmi 1 heç-heçə edib, 4 oyunda uduzmuş yığmamız isə 1 xalla qrup sonuncusudur və seçmə mərhələni elə bu pillədə bitirəcəyi dəqiqləşib.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

16 noyabr

Azərbaycan – Fransa
Baş hakim: Andris Treymanis (Latviya).
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasennikov (Latviya).
Dördüncü hakim: Vitalis Spasyonnikov (Latviya).
VAR: Kley Ruperti (Niderland).
AVAR: Kristap Ratnyek (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: